Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun Müstəqillik Günü münasibətilə kollektivə Təbriki.

Şəhid atası,  Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun  Müstəqillik Günü münasibətilə kollektivə  Təbriki.
Hörmətli müəllim və işçi heyəti, əziz tələbələr!
Bu il əlamətdar hadisələrdən biri 28 May – Müstəqillik Günü və müqəddəs Qurban Bayramınıın eyni günə təsadüf edilməsidir.
Sizi xalqımızın taleyində və milli-mənəvi həyatımızda mühüm yer tutan 28 May – Müstəqillik Günü və müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, firavan həyat və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
28 May Azərbaycan xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biridir. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizə silinməz iz qoydu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə milli dövlət atributlarının yaradılması, parlamentin formalaşdırılması, təhsil və ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu zəngin irs bu gün də müstəqil Azərbaycan dövlətinin inkişafında əsas dayaqlardan biri kimi yaşayır.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin dühası və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tamamilə yeni, qüdrətli bir mərhələyə qədəm qoyub. Artıq neçə ildir ki, biz bu müqəddəs bayramı suverenliyi tam bərpa olunmuş, üçrəngli bayrağı Qarabağda və Şərqi Zəngəzurda əbədi dalğalanan bütöv bir Azərbaycanda qeyd edirik. Dövlətimizin gücü, xalqımızın birliyi və vətənpərvər gəncliyimizin yetişməsi hər birimiz üçün böyük fəxr mənbəyidir. Gənc nəslin milli ruhda, dövlətə və vətənə bağlı şəkildə formalaşmasında təhsil müəssisələrinin və müəllimlərin üzərinə mühüm məsuliyyət düşür. Sizlərin əməyi sayəsində savadlı, milli dəyərlərə bağlı və gələcəyə inamla baxan gənclər yetişir.
Eyni zamanda, Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Təhsil cəbhəsində bizim vəzifəmiz Müstəqilliyimizin qorunması və dövlətimizin daha da güclənməsi birbaşa savadlı, vətənpərvər və rəqabətədavamlı gəncliyin yetişməsindən asılıdır. Bu yolda kollecimizin hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşür: Gənc nəslə təkcə peşə sirlərini deyil, həm də milli-mənəvi dəyərləri, vətən sevgisini aşılalamaq hər birimizin borcudur.
Əminəm ki, kollektivimiz bundan sonra da öz fəaliyyəti ilə təhsilimizin inkişafına töhfələr verəcək, gənclərimizin uğurlu gələcəyi naminə əzmlə
çalışacaqdır.
Bir daha hər birinizi 28 May – Müstəqillik Günü və Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə və ailələrinizə xoşbəxtlik, rifah, bol ruzi-bərəkət, ölkəmizə isə daim sülh, tərəqqi və firavanlıq arzulayıram.
Qeyd edək ki, direktorluq tərəfindən kollecin bütün əməkdaşları 28 May Müstəqillik Günü və Qurban bayramı münasibətilə pul mükafatı ilə mükafatlandırılmışlar.