Astara Pedaqoji Kolleci – Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsis edilmiş Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunun filialı kimi 1991 – ci ildə yaranmışdır.
Astara Pedaqoji Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 1993-cü il tarixli 338 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 iyun 1993-cü il tarixli əmri ilə müstəqil tədris müəssisəsi statusunu almışdır.
Respublikanın 25-ə yaxın şəhər və rayonundan gəlmiş gənclər burada təhsil alır. Tədris korpusunun sahəsi 3377,0 kv.metrdir. 60 nəfərlik tələbə yataqxanası, 200 nəfərlik akt zalı, 100 nəfərlik bufet və yeməkxanası vardır.
Zəngin kitabxana və kompüter otaqları tələbələrin ixtiyarındadır. Tələbələrin təlim-tərbiyəsi ilə 100-ə yaxın yüksək ixtisaslı müəllim, pedaqoq-metodist və psixoloq məşğul olur.
Təcrübəli və gənc müəllimlərin müstəqil işləməsi, elmi və ədəbi yaradıcılıqla məşğul olması, rayon və respublika mətbuatında, xüsusən pedaqoji mətbuatda məqalələrlə çıxış etməsi üçün lazımı şərait yaradılmışdır.
Kollec rayon və respublika miqyaslı tədbirlərdə, konkurs və müsabiqələrdə iştirak edərək nəzərəçarpacaq uğurlar əldə etmişdir. Yarandığı vaxtda tələbələrin sayı 200-220 nəfər idisə indi tələbələrin sayı 8000-ü keçmişdir. Əgər 2000-ci ilədək 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa indi ixtisasların sayı 13-ə çatmışdır. Məsələn: “Texnologiya müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Ailə və ev təhsili”, “Turizm və onun təşkili”, “Aqronomluq”, “Mühasibat uçotu”, “Meşə və meşə-park təsərrüfatı”, “Qida sənayesi, iaşə və ticarət sistemində sanitar–gigiyena təhlükəsizliyi” , “Arxiv işləri və kargüzarlıq”, “Meşə və meşə-park təsərüffatı” , “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”, “Baytarlıq”.
Avadanlıqlarla təchiz olunmuş və əyani tədris vəsaitləri və ləvazimatları ilə tərtib edilmiş 30 fənn kabineti, iki laboratoriya, 6500 – ə yaxın kitab və dərslik fondu tələbələrin ixtiyarındadır.
Kollecdə metodik işlərin yüksək səviyyədə təşkil edilməsi istiqamətində fəaliyyət göstərən 9 fənn komissiyası vardır. Komissiya üzvləri fənlər üzrə tədris proqramlarının tərtibində və təlim prosesində yeni təlim texnologiyalarının tətbiqində xüsusilə fərqlənirlər. Müəllimlər fənn komissiyalarına daxil olan fənlərin işçi proqramlarının hazırlanmasında yeni təlim metod və vasitələrindən istifadə edirlər.
Astara Pedaqoji Kollecinin əməkdaşları tərəfindən hazırlanmış “Təbiətşünaslığın əsasları” fənni üzrə proqrama Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi verilmiş və istifadə üçün orta ixtisas məktəblərinə göndərilmişdir.
Astara Pedaqoji Kolleci Respublika Təhsil Nazirliyi tərəfindən göndərilən bütün əmr və göstərişləri yerinə yetirməyə ciddi səy göstərir və təhsil işçiləri qarşısında duran vəzifələri həyata keçirmək istiqəmətində məqsədyönlü işlər görür.
Qeyd etmək lazımdır ki, ölkəmizdə nəzəri cəhətdən əsaslandırılmış təhsil isalahatlarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1999-cu ilin iyun ayının 15-də – məhz Qurtuluş günündə təsdiq olunmuş İslahat Proqramı əsasında başlamışdır. Bu sahədə görülən uğurlu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim davam etdirilir və yeni-yeni layihələrlə zənginləşir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfirı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər ölçüyəgəlməzdir.
Kollec pedaqoji təcrübə prosesini yüksək səviyyədə təşkil etmək üçün rayonun ümumtəhsil məktəblərinin, bağçalarının rəhbərliyi və müəllimləri həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) ilə sıx əlaqələr saxlayır. Bunun nəticəsidir ki, kollecdə təhsilin keyfiyyəti ildən-ilə yaxşılaşır.