Kollecdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans

Kollecdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans
Kollecdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
05 may 2026-cı il tarixində Astara Pedaqoji Kollecində YAP Astara rayon təşkilatı və Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətçiliyinin Memarıdır” adlı konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı açıq elan edən kollecin direktoru, professor Kamran Kazımov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs edib. Qeyd edib ki, Ümummilli Liderin zəngin siyasi irsi bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.
“Müasir müstəqil Azərbaycanı daha güclü görmək Heydər Əliyevin ən böyük arzusu idi” adlı məruzəsində Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov vurğulayıb ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz bu möhkəm təməl üzərində qurulub.
Çıxış edənlər— Astara Veteranlar Şurasının sədri, kollecimizin ictimai şura sədri Rafiq Əliyev, Sosial və aqrar-turizm şöbəsinin müdiri Aygün Səfərova, “Maliyyə işi” ixtisasının III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Fərhad Abdullayev gənclərin bu irsi dərindən öyrənməsinin və gələcək nəsillərə ötürməsinin vacibliyini diqqətə çatdırıblar.
Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə kollecdə keçirilən bir neçə tədbirin yekunlarına baxış keçirilib və qiymətləndirilib.
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, inkişafı və möhkəmlənməsi üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmiz bu gün sabit və güclü dövlət kimi tanınır.
Bu gün biz onun zəngin irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini daşıyırıq. Azərbaycanın xilaskarı kimi fəaliyyət göstərən ulu öndərin yaratdığı dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafında öndə gedən siyasi qurumdur. Kollecimizdə demək olar ki, kollektivin 100% i Yeni Azərbaycan Partiya sıralarına qəbul olunmuşdur. İstehsalat təcrübəsində olan tələbələrimizin karyera planlaşdırılması fənnindən Ulu öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiya sıralarına qəbul imitasiyası təşkil olunub. Gənclər partiyanın əsas prinsipləri, məqsədləri və fəaliyyət istiqamətləri ilə tanış olub, üzvlük üçün müraciət qaydaları barədə məlumatlandırılıblar. İmitasiya zamanı tələbələr simvolik şəkildə ərizələr təqdim edib, partiya üzvlüyünün məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Tədbirin əsas məqsədi gənclərdə dövlətçilik ənənələrinə sadiqlik hissinin gücləndirilməsi, onların ictimai-siyasi fəallığının artırılması və Heydər Əliyevin ideyalarının təbliği olub. Tədbirdə həmin imitasiya layihəsinin videoçarxı, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin davamında Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müasir tarixi və dövlətçilik ənənələri ilə bağlı viktorina təşkil olunub. Viktorina iştirakçılar arasında böyük maraqla qarşılanıb, tələbələr öz bilik və dünyagörüşlərini nümayiş etdirərək fəallıq göstəriblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində müxtəlif ixtisas qrupları arasında Futbol yarışının qalibləri diplom və kubokla təltif olunublar.
Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib. İştirakçılar ətraf mühitin qorunmasına töhfə verərək yaşıllığın artırılması naminə fəallıq nümayiş etdiriblər.
Sonda qeyd olunub ki, bu cür tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə, dövlətçilik dəyərlərinə bağlılığın möhkəmləndirilməsinə və Heydər Əliyev ideyalarının təbliğinə mühüm töhfə verir.
Heydər Əliyevin ad gününə həsr olunmuş tortun şamları şəhid əmanəti tərəfindən üfürülüb. Duyğusal an tədbir iştirakçıları tərəfindən böyük hörmət və ehtiramla qarşılanıb.
Tədbirdən sonra yataqxanada yaşayan tələbələr və texniki-xidmətedici işçilər üçün səmimi mühitdə yemək süfrəsi təşkil olunub.
Bu addım diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilib, tədbirin xoş ovqatla yekunlaşmasına şərait yaradıb.