Əziz tələbələr, müəllim və işçi heyəti!
Sizi xalqımızın qədim və əziz bayramı olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Novruz bayramı milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadıldığı, birlik və həmrəyliyin, yenilənmə və dirçəlişin rəmzidir. Bu əziz bayram insanlarda ümid, sevinc və gələcəyə inam hissini gücləndirir, cəmiyyətimizdə qarşılıqlı hörmət və qayğının daha da möhkəmlənməsinə xidmət edir.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Böyük qürur hissi ilə qeyd edirik ki, artıq 6-cı ildir, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda Novruz tonqalını yandırır.
Qoy Novruz bayramı ocaqlarınıza istilik, süfrələrinizə bolluq, qəlblərinizə sevinc və rahatlıq gətirsin. Yeni ilin hər biriniz üçün uğurlu və bərəkətli olmasını diləyirəm.
Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, sizə və doğmalarınıza xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.

