Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Kollecin Tədbirlər Planına əsasən
tədbir keçirilmişdir.
10 oktyabr 2025-ci il tarixində Astara Pedaqoji Kollecində Azərbaycan Ağsaqqallar Şurası və Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə öncə Müstəqil Respublikanın ilk Konstitusiyasının banisi və müəllifi Ümummilli Lider Heydər Əliyevin və Suverenliyin tam bərpa olunmasında canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru, fil.e.d. Kamran Kazımov açaraq vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Respublikanın əməkdar müəllimi, Hüquq elmləri doktoru, I Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Azərbaycan Müharibə , əmək və silahlı qüvvələr təşkilatı İctimai Birliyinin rayon təşkilatının sədri Rafiq Əliyev, AMEA Lənkəran bölməsinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev iştirak etdilər.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Respublikanın əməkdar müəllimi, Hüquq elmləri doktoru, I Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyev məruzəsində bildirdi ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır, bütün bu çətinliklərə baxmayaraq, azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülmüşdür. Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.
Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərdilər.
Sonda kollecin direktoru, fil.e.d. Kamran Kazımov geniş və dərin məzmunlu məruzəsinə görə Hüquq elmləri doktoru İbrahim Quliyevə təşəkkür etdi və 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən növbəti tədbirin tələbələrin maarifləndirilməsi sahəsində əhəmiyyətini vurğuladı.