Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edir, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır. Astara Pedaqoji Kollecində də vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi həmişə ehtiramla anılır.
26 sentyabr 2025-ci ildə Astara Pedaqoji Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə kollecin şəhid məzunu Arif Qeybiyevin həyat hekayəsinə nəzər salındı. Tədbirdə torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecinn direktoru, professor Kamran Kazımov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətini, igid oğullarımızın şucaətini qeyd edib . Bildirib ki, şəhid oğullarımızın qanı bahasına qazanılan Zəfər 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. 44 günlük Vətən müharibəsində kollecin məzunlarının və kollecdə çalışan əməkdaşların yaxınlarının şəhidlik zirvəsinə yüksəldiyini xüsusi vurğulayıb.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında 27 Sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi hesab edib.
Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva Kollecdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən söz açılıb və kollec rəhbərliyinə təşəkkürünü bildirib.
Kollecin məzun şəhidi Arif Qeybiyev haqqında xatirələrindən Kollecin Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri Nuranə Fərəcova söz açıb. Arifin hələ tələbəlik illərindən mərd, şücaətli olduğunu qeyd edib.
Tədbirdə iştirak edən qonaqlardan şəhidin dostu Əlizadə Fərrux Ariflə birgə keçirdiyi uşaqlıq xatirələrindən danışıb.
Kollecin əməkdaşı, şəhid Arif Qeybiyevin anası Rəna Qeybiyeva çıxış edərək kollecin bütün kollektivinə təşəkkürünü bildirib.
Tədbirdə Şəhidlərə həsr olunmuş videoçarxlar nümayiş olunub.