15 Sentyabr — Bilik Günü kollecdə təntənəli şəkildə qeyd olundu!
Yeni dərs ilinin başlanması münasibətilə Astara Pedaqoji Kollecində təşkil olunan tədbirdə rəhbərlik, qonaqlar, müəllimlər, tələbələr və valideynlər bir araya gəldi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov tələbələri və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, elm və təhsilin cəmiyyətin inkişafında oynadığı rolu vurğuladı. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açaraq kollecdə son illərdə aparılan çox istiqamətli işlərdən — kollecin məzunlarının Ali Təhsil ocaqlarına qəbul olunmasından, əmək bazarında kollecimizin məzunlarının işlə təmin olunmasından bəhs etdi.
Qonaqlardan —Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bilik və təhsilin önəmini vurğuladı, gəncləri Vətənə, ailəyə və cəmiyyətə layiqli vətəndaş kimi yetişməyə səslədi, ilk dəfə tələbə adını qazanan birinci kurs tələbələrini səmimi şəkildə təbrik edərək onlara uğurlar arzuladı.
Astara Pedaqoji Kollecinin MiQ imtahanından uğur qazanan əvvəlki illərin məzunları — Fərid Fərəcli və Ayşəm Rüstəmova çıxış edərək müəllimlərinə təşəkkürünü bildirdilər və gələcəkdə uğur qazanmaq üçün əzmlə, səylə çalışmağı tələbələrə tövsiyə etdilər.
Əvvəliki illərə nisbətən bu il qəbul imtahanından yüksək bal toplayan, hətta 200 dən çox bal toplayan abituriyentlər Astara Pedaqoji Kollecini seçmişlər. Onlardan biri kollecin Maliyyə işi ixtisasına yüksək balla qəbul olan Kərimova Ruqəyya Vəkil qızı çıxışında qeyd etdi ki, son illər Astara Pedaqoji Kollecində tədrisin keyfiyyətinin yaxşılaşdırılması sayəsində əldə olunan uğurlar onu bu kollecdə təhsil almağa vadar etdi. Tələbə Astara Pedaqoji Kollecini seçməkdə məqsədinin kollecdə yüksək səviyyədə təhsil alıb, təhsilini Ali Təhsil ocağında davam etdirəcəyini əminliklə vurğuladı.
Tədbirdə kollecə yüksək balla qəbul olan tələbələrə hədiyyələr təqdim edildi.