Dil hər bir millətin milliliyinin əsasıdır.

Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov yazır:
Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmlər doktoru, şəhid atası Kamran Kazımov yazır:3
Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də gərək hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.
Heydər Əliyev
Ana dili milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu,coğrafi mənzərəsini hifz edib saxlayır. Tarixi mənbələrdən məlumdur ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Qeyri millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışların rus dilində olmasını təklif edəndə parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuş və xüsusiqərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə, rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərin üstündə, adətən, parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı da mövcuddur. Həmin fərmana görə, iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. Hətta bir sıra hallarda bu dili bilməyənlər üçün mütərcim çağırılması, işlərin Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulurdu. Lakin İstiqlal Bəyannaməsində dövlət dili haqqında maddə öz əksini tapmamışdı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da dilimizin hüquqi statusu barədə heç nə yazılmırdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı dövrdə Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya əlavə etmək həm kifayət qədər riskli, həm də perspektivsiz addım idi. Stalinin ölümündən sonra repressiyaların dayanması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətinimüəyyən qədər məhdudlaşdırdı və nəhayət, belə bir vəziyyətdə 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması təsbit olunurdu. Lakin bu qərar bir tərəfdən respublikanın özündəki qısqanc qüvvələrin, digər tərəfdən, İttifaq mərkəzindəki mühafizəkarların müqaviməti ilə rastlaşdı. Azərbaycan dilinə keçilməsi barədə tələblər Moskvada narazılıq doğururdu. Buna baxmayaraq, Stalin dövrünün sərt qanunlarından azad olmuş xalqlar, onların ziyalıları milli məsələyə daha cəsarətlə diqqət verməyə, rus dilinin hakimiyyətinə qarşı çıxmağa başladılar. Yazıçı və şairlərimiz, dilçi-filoloqlarımız sosializm dövründə “hər bir millətin öz müqəddəratını təyin etmək hüququ”nu dil sahəsində də tətbiq etməyə çalışırdılar. Bu meyl Bəxtiyar Vahabzadənin şeirlərində, Mirzə İbrahimovun siyasi-ideoloji fəaliyyətində özünü qabarıq şəkildə göstərirdi. O zaman keçmiş sovet imperiyası milli hərəkatın, milli dirçəlişə səbəb olacaq hər hansı tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi ki, ən emosional məsələləri də ancaq ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaq idi. Azərbaycan dili dövlət-idarəçilik sisteminə tədricən daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi.
Xalqın həyatında, elmin, mədəniyyətin inkişafında əlifbanın son dərəcə mühüm əhəmiyyəti var. Tarixə müraciət etsək görərik ki, İslamın yayıldığı dövrlərdən xalqımız ərəb əlifbasından istifadə etmiş, min ildən artıq bir zaman ərzində özünün zəngin mədəni irsini yaratmışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Sonradan XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi vemədəni proseslərin gedişi mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana çıxarmışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsi yaradılmışdı. 1923-cü ildən etibarən isə latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilmişdi. 1926-cı ildə toplanan Birinci Ümumittifaq türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilmişdi. Qısa müddətdə Azərbaycanda bu əlifbanın işlədilməsi geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratmışdı. Ana dilində dərsliklər yazılmış, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlanmışdı. Bu prosesdə Salman Mümtaz, Həmid Araslı, Məmmədhüseyn Təhmasib kimi folklorşünas alimlərin xüsusi əməyi qeyd olunmalıdır. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olunmuşdu. Əslində bu işdə siyasi məqsədlər də var idi. Lakin yarım əsrdən çox bir müddət ərzində istifadə olunan kiril qrafikası ilə Azərbaycan mədəniyyətinin qiymətli nümunələri yaradılmışdı. Digər tərəfdən, elmi üslubun təşəkkülü dilçiliyimizin bir elm kimi tərəqqisi yolunda da mühüm rol oynamışdı.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində Dilçilik İnstitutu yaradılmışdı. Qısa bir vaxtda dil tarixi, dialektologiya, müasir dilçilik, lüğətçilik sahəsində dəyərli tədqiqatlar aparılmış, görkəmli dilçi alimlərin – M.Şirəliyev, Ə.Orucov, Ə.Dəmirçizadə, M.Hüseynzadə və başqalarının elmi axtarışları nəticəsində Azərbaycan dilçiliyi türkologiyada öz nüfuzlu yerini tutmuşdu. Dilimizin fonetika, leksika, morfologiya və sintaksisi sahəsində ciddi işlər görülmüşdü. Çoxcildlik kollektiv əsərlər yazılmış, dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti”, “Rusca-Azərbaycanca”, “Azərbaycanca rusca” lüğətlərin təkmilləşdirilmiş çapları ana dilimizin həqiqi zənginliyini, onun lüğət tərkibinin genişliyini üzə çıxarmışdı. Ötən əsrin 60-70-ci illərində isə Azərbaycan ədəbi dili öz inkişafının yeni bir mərhələsinə qədəm qoydu. Bu prosesdə xüsusilə nəsr dili yenidən Mirzə Cəlilin, “Molla Nəsrəddin” jurnalının ənənələrinə qayıtdı, canlı xalq dilinin yığcamlığından, leksika və sintaksisindən faydalanmağa başladı. Bu gün artıq dilimizin funksional imkanları genişlənmiş, üslublar zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır. Dünya ədəbiyyatı klassiklərinin əsərlərinin tərcüməsi və çapı Azərbaycan dilinin elmi-fəlsəfi və bədii üslubunu dolğunlaşdırmışdır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli Lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Unudulmaz rəhbərin
ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi,nəinki, dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyənçətinliklərlə rastlaşırdılar. Azərbaycan KP-nın qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı.
Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilməyə çalışılırdı. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də ötən əsrin 70-ci illərindən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət
Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Burada məqsəd dilimizin yüksək səviyyədə təbliği idi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə, dilçi alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, ulu öndərə ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Əsas Qanunumuzda Azərbaycan dilinin
dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz
təsdiqini tapmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə, AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.
Uzun müzakirələrdən sonra 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin “türk dili” adlandırılması barədə qərar
qəbul edilmişdi. Hətta “Türk dili” adlı dərsliklərin çapı da həyata keçirilmişdi.
Qeyd edək ki, bu qanunun əslində heç bir hüquqi qüvvəsi yox idi. Çünki 1992-ci ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındakı 73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi. Konstitusiyanın hər hansı maddəsinin dəyişdirilməsi barədə qərar isə, müvafiq qanunvericiliyə görə, üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi. Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarın qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Belə ki, həmin iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak etmişdi. Onlardan yalnız 26 deputat dilimizin “türk dili” adlanmasına, 7 nəfər əleyhinə səs vermişdi. Qalan 6 deputat isə bitərəf olmuşdu. Halbuki qərarın qəbul edilməsi üçün deputatların üçdə ikisinin səsi lazım idi. Ümummilli Liderimiz sonralar bu məsələyə toxunarkən demişdir: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır…”
Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan Komissiyanın noyabrın 2-də keçirilmiş iclasında Heydər Əliyev deyir: “Bilirsiniz ki, mən 1969-cu ildən Azərbaycana rəhbərlik eləmişəm, ondan əvvəlki dövrdə də əgər bilavasitə Azərbaycana rəhbərlik eləməmişəmsə, tutduğum vəzifələrə görə Azərbaycanda gedən bu prosesləri həmişə izləmişəm, xüsusən, tarix sahəsində, ədəbiyyat sahəsində, elm sahəsində, o cümlədən, dil sahəsində. Ona görə də, keçən dəfə də dedim, mən çox şeylərin şahidiyəm. İndi burada oturanların əksəriyyəti gəncdir, onlar bu şeyləri kitablardan deyirlər, amma mən bunların çoxunun şahidiyəm. Mənim özüm də orta məktəbdə oxuyanda, həmin 1937-ci ilə qədər, – mən orta məktəbi 1939-cu ildə bitirmişəm, – əlbəttə ki, “türk dili” yazılırdı. Bunun hamısı məlumdur mənə. Ancaq eyni zamanda bu işlədiyim zaman bir şeyi də müşahidə eləmişəm ki, bəzən bizim alimlərimiz və o cümlədən, ictimai elmlər sahəsində fəaliyyət göstərən yazıçılarımız bu elmi mübahisələri gətirib şəxsi münasibətlərə bağlayırlar, bəzən bir-birinə kəskin münasibət göstərirlər. Hətta keçmişdə, yadımdadır, bəzən bir-birini təhqir eləyirdilər. Belə şeylərə yol vermək lazım deyil. Hərə öz fikrini desin, amma bizim də məqsədimiz ondan ibarət olmalıdır ki, həqiqəti axtaraq. Heç kəs hesab eləməsin ki, onun bildiyi elə, ruslar demişkən, “absolutnaya istina”, mütləq həqiqətdir. Elə deyil. Kim nə qədər çox bilirsə, bir o qədər də bilmir. Bunu yəqin ki, dərk etmək lazımdır. Ona görə mən istəmirəm ki, kəskinləşdirəsiniz və o cür kəskin çıxışların da mən tərəfdarı deyiləm, yəni ifrat çıxışlar, ifrat qiymətlər yaramaz. Biz həqiqəti axtarmalıyıq”.
Məlumdur ki, sovet dövrünün ehkamları respublika rəhbərlərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmağı tələb edirdi. Heydər Əliyev bu qaydanı formal olaraq pozmurdu, həqiqətən də, bütün qurultaylarda, plenumlarda məhz rus dilində çıxış edirdi. Lakin rəsmiyyətçilikdən kənara çıxmaq üçün azacıq imkan düşən kimi, o, Azərbaycan dilinə
müraciət edirdi və demək olar ki, heç vaxt əvvəlcədən hazırlanmış mətnlərdən istifadə etmir, sözləri sinədən deyirdi. 1972-ci illərin ortalarında yazıçılardan biri ona “yoldaş Əliyev, Siz Azərbaycanca nə gözəl danışırsınız!” deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdir: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma tə-əccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilmə-liyəm! Eləcə də hamımız”. Bunlar adi sözlər deyildi. Bu sözlərin Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsirinin gücü ana dilinə uzun müddətdən bəri davam edən çox soyuq münasibətə son qoya bildi. Ümummilli Liderimiz Heydər Əliyevin ana dilinə müraciət etməsi müəyyən mənada sanki gözlənilmədən, bədahətən idi. Sonralar Heydər Əliyev ana dilinə münasibətini, televiziya və informasiya texnologiyaları da daxil olmaqla, həyatımızın bütün sahələrində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə dair xüsusi fərmanlarında və tədbirlərində son dərəcə aydın ifadə etmiş, eyni zamanda, öz çıxışlarında da bu mövzuya müraciət etmişdir. Onun bu mövzuda çoxsaylı fikirlərindən birini xatırlatmaq faydalı olar: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana
dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi.
Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış ümummilli lider Heydər Əliyev anadan
olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir.
Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində uğursuzluqlar ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Belə bir anda – 1993-cü ilin iyununda xalqın təkidi, tələbi ilə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev siyasi rəhbərliyə gəldi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət
ərzində ölkədəki hərc-mərcliyi aradan qaldırdı. O, tezliklə ölkəni gözləyən fəlakətdən, Azərbaycanın parçalanmasından, torpaqlarının işğal edilməsindən xilas etməli, müstəqil Azərbaycan dövlətçiliyini qoruyub saxlamalı idi. Böyük dövlətçilik ənənəsinə və siyasi təcrübəyə yiyələnmiş Heydər Əliyev ilk növbədə dövlət idarələrinin möhkəmləndirilməsini təmin etməklə, bölgələrdə baş qaldırmış separatçı qüvvələri xalqın köməyinə arxalanaraq aradan qaldırdı. Ulu öndərimiz 1994-cü ilin 14 sentyabrında birinci kurs tələbələri ilə görüşdə demişdir: “Xalqımız, cəmiyyətimiz üçün gərəkli olmaq gənclər üçün böyük şərəfdir. Bizim hamımızın bir vətəni var, bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana
dilinin rolunu yüksək qiymətləndirmişdir. “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda
Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin
tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyin ilk ilində, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da o, bütün gücü ilə işləyə bilmirdi. Yalnız ümummilli liderimiz bu məsələnin birdəfəlik həllinə
nail olmuşdu. 2003-cü il yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait
hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir. Sənədə uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı da hazırlanmışdı. Burada Azərbaycan Milli ensiklopediyasının, elmimizin və mədəniyyətimizin, ədəbiyyatımızın ən dəyərli nümunələrinin latın qrafikasında nəşrləri nəzərdə tutulmuşdu ki, bu da cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini göstərir. Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz qüdrətlə, təntənə ilə səslənir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti və yürütdüyü dil siyasəti ilə bağlı olmuşdur. Həmin siyasət indi uğurla davam etdirilir. Dövlət dili milli dövlətin ayrılmaz hissəsidir. Ölkəmizin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmışdır. İstedadlı gənclərə diqqət və qayğının artirılmasının təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsində Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və müdrikliyi, zəngin dövlətçilik təcrübəsi öz sözünü demişdir. Böyük tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, təbliği gənc nəslin tərbiyəsində böyük rol oynayır. Heydər Əliyev irsi xalqa, gənc nəslə əvəzsiz töhfədir. Heydər Əliyevin şəxsi nümunəsi xalqına, elinə, Vətəninə, dövlətinə əsl sədaqətlilik örnəyidir.
Ümummilli Lider Heydər Əliyev təkcə öz vətənində deyil, həm də bütün dünyada ümumxalq məhəbbətini qazanmış, dövlət siyasətçiləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, əvəzsiz yeri görünən, müdrik şəxsiyyətdir. Biz bu gün sərbəst yaşayıb işləyə bildiyimizə görə, müstəqilliyimizə, əldə olunan sabitliyə görə, həyatımızdakı inkişafa və tərəqqiyə görə bu bö-
yük, tarixi şəxsiyyətə borcluyuq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi ənənə hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müstəqillik illərində Azərbaycan dilçiliyinin uğurları çoxdur. Xüsusən də Azərbaycan ədəbi dil tarixinin tədqiqi geniş vüsət almışdır. Dilimizin praktik məsələlərinin kamilləşməsinə, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilmişdir.Qədim köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənəsinə malikdir. Azərbaycan yazılı ədəbi dili kimi, şifahi ədəbi dili də Azərbaycan xalqını ümummədəni tarixinin ən parlaq atributlarından biri olmaqla, bu xalqın uzun əsrlər boyu zəngin inellekt səviyyəsini əks etdirən başlıca amillərdən biridir. Tarix göstərir ki, ədəbi dilin inkişafı ümumi danışıq dili ilə bağlı olur. Yazılı ədəbi dilimizin təşəkkül və inkişafında dialektfövqü xarakter daşıyan zəngin şifahi xalq ədəbiyyatı yazılı ədəbi dilə təsir etmiş, yazılı ədəbi dil təşəkkül tapdıqdan sonra bir neçə əsr hər iki ədəbi dil yanaşı inkişaf etmişdir.
Dilimizin inkişafı ilə əlaqədar son dövrdə bir çox uğurlar əldə edilmişdir. Bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur. Konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dövrün özünün problemləri var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki, ana dili beşik başında layladan başlayır. Dünyanın ən gözəl, qədim dillərindən biri olan Azərbaycan dilini sevməli və qorumalıyıq. Laylalı-bayatılı ana dilimiz həm də hər birimizin varlığıdır. Bununla belə, ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: “Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır”.