Bu gün dünyanın hər yerində sorağı gələn azərbaycanlılar bir Bayraq altında birləşir, yaşadıqları ölkələrdə Azərbaycan gerçəkliyini, azərbaycançılıq ideyalarını təbliğ edirlər. Sovetlər dövründə güclü təzyiqlərə baxmayaraq, azərbaycançılıq ideyalarının təbliği, Azərbaycanı tanıtmaq yolunda atılan addımlar, əslində müstəqil Azərbaycan Respublikasının əsas meyarı olan azərbaycançılıq ideologiyasının ilk cücərtiləri idi. Bu gün müstəqil dövlətimizin simvolu olan üçrəngli Bayrağımız BMT-nin, Avropa Şurasının iqamətgahı qarşısında əzəmətlə dalğalanır. Dünyanın 70 ölkəsində altmış milyondan çox azərbaycanlı yaşayır. Harada yaşadıqlari yerdən asılı olmayaraq onların Azərbaycan adlı bir Vətəni, Heydər Əliyev kimi Ümummilli Lideri, İlham Əliyev kimi Prezidenti var.
Görkəmli dövlət xadimi, dahi siyasətçi kimi ölkədə və dünyada böyük nüfuza malik olan Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə qüdrətli şəxsiyyətdir. Xalqımızın böyük oğlu Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istrərsə də müstəqillik dönəmində liderlik funksiyasını yüksək səviyyədə həyata keçirmişdir. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan dövlətinin və xalqının problemlərinin həlli, ümummilli ideyalarının həyata keçməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Doğma Azərbaycanını canı qədər sevən, ürəyi daim xalqının xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə örnək olacaq canlı və unudulmaz tarixdir.
Heydər Əliyevin inkişaf strategiyasının tarixi onun 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən başlayır. Həmin ilin iyulun 14-də keçirilən Azərbaycan KPMK-nin tarixi Plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir və bununla da ölkəmizin sosial-iqtisadi inkişafında yeni epoxa başlayır.
Bu dövrədək zəngin iqtisadi potensialının və təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş ittifaq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdən birini tuturdu. Böyük strateqin o zaman siyasi rəhbərliyə gəlməsi bütün sahələrdə tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə Ulu Öndərin dahiyanə zəkası, titanik əməyi və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik respublika kimi öncül sıralara yüksəldi.
Bu illərdə görülmüş işlərin qısaca statistik göstəricilərinə nəzər salaq: Dərin özüllər, neft emalı və maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi. Əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ildə 1048-ə çatdırıldı. Bütövlükdə 14 il ərzində respublikada sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2,5 dəfə artdı və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycan ümumi daxili məhsulunda zənayenin payı 66 faizə yüksəldi. Həmin illərdə milli gəlir 2.6 dəfə artdı və iqtisadiyyatın inkişafına 7.2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4.5 dəfə çox kapital qoyuldu. Respublikanın paytaxtı ilə yanaşı, rsgionları da nəzərə alınmaqla bütün rayonlarda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirildi, çoxlu sayda sosial təyinatlı müasir binalar inşa olundu və 20 milyon kvadratmetr mənzil sahəsi əhalinin istifadəsinə verildi.
Təhsil hər bir millətin gələcəyini, onun inkişaf yollarını müəyyən edən əsas aparıcı faktordur. Ümummilli Lider Heydər Əliyev uzaqgörən siyasətçi kimi respublikada bu sahənin inkişafına hər zaman xüsusi əhəmiyyət vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında və dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətində də tədbirlər gördü.
Həmin illərdə 483,4 min şagird yerlik 700-ə qədər orta məktəb binası tikildi, ali məktəblərin sayı 17-yə, tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırıldı. Heydər Əliyevin uzaqgörənlikləq əsasını qoyduğu ən dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı gənclərin ovaxtkı İttifaqın Moskva, Leninqrad, Kiyev kimi şəhərlərin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi xüsusi yer tutur. Əgər 1969-cu ildə ölkənin digər şəhərlərində təhsilalanların sayı 67 nəfər idisə, artıq 1980-cı illərin əvəllərində hər il 1100-1400 aralığında tələbə respublikadan kənarda təhsil almağa göndərilirdi. Beləliklə də, bütövlükdə Azərbaycandan kənarda 15 mindən çox yüksəkixtisaslı gənc mütəxəssis yetişdirildi.
Azərbaycanlı hərbi kadrların hazırlanması üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə yanaşı, 1982-ci ildə 100 nəfərdən çox gənc ovaxt kİ Sovetlər Birliyinin qabaqcıl hərbi məktəblərinə göndərildi.
Həmin illərdə respublika əhalisinin keyfiyyətli tibbi xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədilə 13,5 min çarpayılıq xəstəxana, 13,7 min yerlik poliklinika istifadəyə verildi və yeni səhiyyə ocaqlarının həcmi 42,2 faiz artdı.
Ümummilli Lideri səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri də onun hər zaman elmə, ədəbiyyata, incəsənətə və mədəniyyətə diqqət göstərməsidir. Məhz 1969-1982-ci illərdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu.
14 iyul 1969-cu il tarixdə Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyət gəlişindən sonra ali və müqəddəs ideyaların reallaşması sürətli vüsət alır. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başlayır və bu proses ideya müəllifi ilə xalq arasında olan sıx bağlılığın sayəsində uğurla həyata keçirilir. Məhz Ümummilli Liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini əks etdirən mövzularda filmlər çəkilir. Təsadüfi deyildir ki, gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmaqda böyük rol oynayan “Nəsimi”, “Babək”, “Dəli Kür” və digər bu kimi filmlər həmin dövrlərdə çəkilmişdir. Həmin dövrlərdə ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz ana dilində aparılması təmin olunmuşdur. Ümummilli Lider Heydər Əliyev həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə azərbaycanlıların necə böyük tarixə malik olduğunu nümayiş etdirirdi.
Ulu Öndərin İttifaq dönəmində respublikaya rəhbərliyi illərində ən böyük xidmətlərindən biri də xalqımızın milli, mənəvi, mədəni dəyərlərinin qorunub saxlanması ilə yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması üçün möhkəm zəmin yaratması idi. Bunun bariz nümunəsi olaraq 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini vurğulamaq lazımdır. Bu addım İttifaqın digər müttəfiq respublikalarından fərqli olaraq ilk və cəsarətli addım idi. Xüsusilə qeyd edək ki, Heydər Əliyevin müəllifi olduğu və gələcəyimiz üçün əmanət etdiyi azərbaycançılıq məfkurəsi xalqımız üçün ən böyük milli-mənəvi dəyərdir.
Miqyasına görə, respublikanın şanlı quruculuq salnaməsinin ən dolğun və şərəfli səhiflərini təşkil edən 1969-1982-ci illərdə Ümumilli Lider müdrik uzaqgörənliklə hazırda dünya iqtisadiyyatına sürətlə inteqrasiya edərək qüdrətli dövlətə çevrilən müstəqil Azərbaycanın möhkəm sosial-iqtisadi bünövrəsini yaratdı.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tarixi gedişatın və həyat ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifləridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Cənub bölgəsinin sosial-iqtisadi inkişafı üçün böyük işlər görən Heydər Əliyevin bilavasitə xeyir-duası ilə Lənkəranda Yuxarı Xanbulançay Su Təsərrüfatı Kompleksi inşa olunmuş, onun tikintisi 1976-cı ilin dekabrında başa çatdırılmışdır.
Təbiidir ki, o vaxtkı dünyanın fövqəldövləti olan Sovetlər Birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayına bilməzdi. Keçmiş SSRİ kimi nəhəng fövqəldövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan Ulu Öndərin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirdi.
Böyük siyasi iradəyə, dəyişməz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idaərəçiliyi istedadı onun keçmiş SSRİ-nin rəhbərlərində biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiiyi illərdə özünü bir daha parlaq surətdə göstərmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Azərbaycanın böyük oğlu o illərdə keçmiş Sovet İttifaqının bütün xalqlarının ehtiramını və sevgisini qazanmışdı. Baykal-Amur Magistralı kimi İttifaq miqyaslı bir sıra iri sosial-iqtisadi layihələrin uğurla icra edilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuş və bu xidmətlər həm tarixin, həm də insanların yaddaşında əbədi olaraq qalmışdır.
Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sosuzdur, əbədidir… Ümummilli Lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Heydər Əliyevin ən böyük xidmətlərlərindən biri qalib sərkərdə öz ideyalarının Azərbaycana əmanət etməsidir.
Azərbaycan Respublikası bu gün uğurla inkişaf edir, dünya dövlətləri arasında layiqli yerini tutur. Dünya səviyyəsində Azərbaycanın mövqeyi gündən-günə möhkəmlənir. Bütün bunlar Heydər Əliyev uzaqgörənliyinin və davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı unikal siyasətin nəticəsidir. Əgər Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridirsə, İlham Əliyev xalqın ümidi, bu günü və gələcəyidir. Azərbaycan xalqı öz taleyini İlham Əliyevə etibar etmiş, hər yerdə və hər zaman onun yanındadır.