Kollecdə Məzun günü keçirildi.
21 iyun 2025-ci il tarixində Astara Pedaqoji Kollecində Məzun günü keçirildi. Məzun günü şəhidlərin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Kollecin direktoru, fil.e.d., professor Kamran Kazımov təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, gənclərə diqqət və qayğı Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradır.
Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran direktor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, eyni zamanda ictimai fəallıq göstərərək kollecin bütün tədbirlərində fəal iştirak ediblər
Tədbirə dəvət olunan qonaqlar Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva məzunlara yeni həyata qədəm qoyduqlarını vurğulayaraq, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağı tövsiyyə etmişlər.
Tədbirdə Astara şəhər Oqtay Kazımi adına Uşaq Musiqi məktıbinin müəllim və şagirdləri iştirak edib, rəngarəng musiqi nömrələri xoş ovqat bəxş ediblər.
Tədbir zamanı pedaqoji fəaliyyətinə və ictimai işlərdə fəal iştirakına görə fərqlənən müəllimlərə, kolleclə əməkdaşlıq etdiyinə görə Astara şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinə, kollecin məzunlarından ümümi orta müvəffəqiyyət göstəricilərinə və ictimai işlərdə fəallıq göstərən tələbələrə təşəkkürnamə təqdim olunub.