Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun Qurban bayramı münasibətilə kollektivə
təbriki.
Hörmətli müəllim və işçi heyəti, əziz tələbələr!
İslam aləminin ən əziz və müqəddəs günü — Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza xeyirli və bərəkətli ömür arzulayıram.
2025-ci ilin Qurban bayramı Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinə təsadüf edir. Bu müqəddəs bayramımızı 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və şəhidlərimizə sonsuz minnətdarlıq edirik.
Bir neçə gündən sonra Azərbaycan xalqı Milli Qurtuluş Gününün sevincini yaşayacaq. Milli-mənəvi dəyərlərimizə daim yüksək qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin xilası günü münasibətlə xalqımızı ürəkdən təbrik edir, dövlət müstəqilliyimizin daimi, zəfərlərimizin davamlı olmasını diləyirik. Dünya ictimaiyyəti Azərbaycanın siyasi Liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər Lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır.
Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.
Qeyd edək ki, direktorluq tərəfindən kollecin bütün əməkdaşları Qurban bayramı münasibətilə pul mükafatı ilə mükafatlandırılmışdır.