Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK

          Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. 26 fevral 2024-cü il tarixində Astara Pedaqoji Kollecində YAP Astara rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Astara Pedaqoji Kollecinn direktoru, fil.e.d. Kamran Kazımov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Artıq xalqımız 26 Fevral Xocalı soyqırımının anım gününü başıuca qeyd edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”. Ancaq Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Kollecin tarix müəllimi Ülkər İsgəndərova Xocalı soyqırımı haqqında geniş məruzə etdi. Tədbirin qonaqları Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, millət vəkiliniin köməkçisi İlham Rəsulov, kollecin tarix müəllimi Elçin Mahmudov çıxışlarında vurğuladılar ki, bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. “Ailə və ev təhsisli” ixtisasının I kurs tələbəsi Aysel Qafarzadənin ifasında “Qisasını almışıq. Xocalı!” şeiri səsləndi, videoçarx izlənildi. Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxdılar.