Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
             Kollecdə Beynəlxalq Ana Dili Günü qeyd olunub. 21 fevral 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə vətənimiz uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Astara Pedaqoji Kollecinn direktoru, fil.e.d. Kamran Kazımov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Tədbirdə qonaq olan Astara Pedaqoji Kollecinin İctimai şura üzvü, Astara şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva çıxışında bildirdi ki, sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur
Sonra tədbir tələbələrin rəngarəng çıxışları ilə davam etdi. Dilimizin saflığı uğrunda həmişə mübarizə aparan görkəmli ədibimiz C. Məmmədquluzadənin “Anamın kitabı” əsərindən tələbələrin hazırladığı kiçik bir səhnə, ana dilinə həsr olunmuş şeirlər, atalar sözlərimizin təhrifi, dilimizdə əcnəbi sözlərin işlədilməsi və s. nömrələr təqdim olundu.