“Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər
Əliyev siyasəti davam etdirildi.
Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”. Bu fikirlər Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibədəndir və özündə çox böyük həqiqəti ehtiva edir, daha doğrusu, son 20 ildə baş verən hadisələrin məntiqi izahıdır.
Cənab prezidentin müsabibəsini diqqətlə dinlədim , oxudum , jurnalistlərin suallarına verdiyi hərtərəfli, səmimi cavabları təhlil etdim və bir daha yəqin etdim ki, bu müsahibə təkcə ölkə başçısının 20 illik fəaliyyətinin hesabatı deyil, həm də Azərbaycan tarixinin son 20 illiyinin şərəf, şöhrət, fəxarət səhifəsidir. Bu tarixin hər bir olayı gözlərim qarşısında baş verdiyindən bir daha əminliklə deyə bilərəm ki, Azərbaycanın uğurlu inkişafını şərtəndirən əsas amil məhz həmin dövrdə- 2003-cü ildə xalqın düzgün seçim edə bilməsi oldu. Zəfərə gedən yolun başlanğıcı məhz həmin vaxt- xalqın düzgün seçimi ilə başlandı və 2023-cü ilin sentyabrında tamamlandı.
Cənab prezidentin də vurğuladığı kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilərdi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993- 2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olub, ölkədə vətəndaş cəmiyyəti yaradılıb, xalq- iqtidar birliyi önəmli bir amilə, aparıcı qüvvəyə çevrilib.
Ölkə başçısının da yerli jurnalistlərə verdiyi müsahibədə bir məsələ daha çox diqqətimi çəkdi: “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər”. Bəli, bu gün böyük fəxrlə deyə bilərik ki, Azərbaycan öz suverenliyini tam bərpa edib, 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayıb. 30 il ürəyimizdə ağrı kimi daşıdığımız Xocalı yükündən, Xocalı xəcalətindən nəhayət ki, azad ola bilmişik, şəhidlərin intiqamı alınıb, yurd-yuvalarından qovulmuş minlərlə qaçqın,
köçkün doğma obalarına qaytarılıb, ilahi ədaləti bərpa edilir.
Cənab prezidentin də dediyi kimi “Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən”. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu ilahi ədaləti bərpa edə bildi və bir şəhid atası kimi şəxsən mən buna çox sevinir, qürurlanıram. “Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən. Ölümə gedirdilər…” Yəqin ki, bu gün Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş oğlum, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və bir çox medallarla təltif olunmuş şəhid baş leytenant Vüsal Kazımovun ruhu da bu qələbədən, ilahi ədalətin təntənəsindən şaddır.
Ali Baş Komandan İlham Əliyev müsahibəsində çox haqlı olaraq bu möhtəşəm Zəfəri Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edir: “Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi”.
Bu il ilk dəfə olaraq prezident seçkilərinin ərazilərimizin hər bir yerində keçirilməsi bir alim, pedaqoq, şəhid atası kimi məni çox qürurlandırır. Əminəm ki, xalqımız bu dəfə də düzgün seçimini edəcək, layiqli namizədini-ona Zəfər sevincini yaşadan prezidentini seçəcək!
Kamran Kazımov
Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor
https://azedu.az/az/news/75414-sehid-atasi-professor-kamran-kazimov-yazir