Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmlər doktoru, şəhid atası Kamran Kazımov yazır:
“Dünya Bakıya toplaşıb və biz dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
Azərbaycan Prezidenti İlham Əliyev
Artıq neçə gündür ki, bütün dünyanın nəzər-diqqəti Bakıya yönəlib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -COP29-un ölkəmizin paytaxtında keçirilməsi çox mühüm tarixi hadisədir. Tale elə gətirib ki, biz Azərbaycanda ilk dəfə keçirilən bu möhtəşəm tədbirin canlı şahidləriyik. Dünyanın 196 ölkədən 75 mindən çox nümayəndə heyəti, onlardan 80-dən çox ölkəsinin dövlət və hökumət başçıları, vitse-prezidentləri, nazirləri, QHT rəhbərlərinin iştirak etdiyi beynəlxalq tədbir eyni zamanda qlobal məsələlərin həllini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.
Azərbaycan torpaqlarını işğaldan tam azad etdikdən sonra belə bir böyük tədbirə ev sahibliyi edir. Bu faktın özü çox önəmlidir. Konfransın yüksək səviyyədə təşkili, keçirilən tədbirlərin aktuallığı və ardıcıllığı iştirakçılar tərəfindən minnətdarlıqla vurğulanır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Noyabrın 19-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 ölkələri sammitinin yekun Bəyannaməsinin iqlim bölməsində Azərbaycanın COP29-da Sədrliyinə dəstək ifadə olunub.
BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb. O, çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: “Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”. A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə çağıraraq G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb.
Bütün bu sadaladığımız faktlar göstərir ki, COP29 BMT-nin tədbiridir, Beynəlxalq, hətta dünya səviyyəli yüksək səviyyədə keçirilməsində etibar qazanmış Azərbaycan isə sadəcə bu tədbirə ev sahibliyi edir. Bu tədbiri boykot yolunu seçənlər, əslində, Azərbaycana deyil, BMT-nin bostanına daş atırlar. Dövlət başçısının qeyd etdiyi kimi, COP29-un Azərbaycanda keçirilməsinə təxminən 200 dövlətin iştirak etdiyi səsvermənin nəticəsində qərar verilib. Bu, o deməkdir ki, tədbirin ölkəmizdə baş tutmasına hansı dövlət razı deyildisə, elə oradaca öz etirazını bildirməli idi. Əgər səsvermənin yekun nəticəsi olaraq COP29-un Azərbaycanda keçirlməsi qərara alınıbsa, deməli, səs verən hər bir dövlət buna əməl etməyə borcludur. Boykot çağırışları, ya da bu çağırışlara dövlət və təşkilatlarını təşviq etmək tamamilə qəbuledilməzdir. Hansısa siyasi məsələlərdə fikir ayrılıqları, müxtəlif düşüncə fərqləri, digər yanaşmalar ola bilər. Lakin bu heç də əsas vermir ki, bəşəriyyətin qlobal problemlərinin müzakirəsində kənarda qalasan, ya da ki, həmin tədbirin boykot edilməsinə səy göstərəsən. Yumşaq desək, Qərbin bəzi ölkələrinin bu hərəkəti riyakarlığın və xəyanətkarlığın göstəricisidir. Məlum məsələdir ki, Qərb rəsmilərinin boykot çağırışlarının və ölkəmizə qarşı təzyiqlərin arxasında erməni dairələri dayanır.
COP29-un əsas hədəfi karbon emissiyasını, ekoloji çirklənməni azaltmaq, yaşıl dünyanı təbliğ etmək üçün 100 milyard dollar büdcənin yığılmasıdır. Bəzi ölkələr fonda dəstək verməkdən boyun qaçırdıqları üçün COP29-dan imtina edirlər. Məsələn, Norveç bu gün həm neft, həm də qaz emal edən ölkədir. Ona görə də bu ölkənin Azərbaycanı boykot etməsi gülünc və absurddur.
Fransa əvvəllər olduğu kimi yenə də öz riyakar addımları ilə gündəmdədir. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğunu sübut edir. Bu dövlətin rəhbərliyi illərdir ki, öz mənfur xislətindən əl çəkmir. Bir ara “bacılarının” halına ağlayan, onların dərdini çəkən fransızlar hələ də həqiqətin, ədalətin gözünə dik baxa bilmirlər. Ətraf mühitin çirkləndirilməsindən, planetimizin ekosisteminə vurulmuş zərərlərdən tutmuş insan hüquqlarının pozulmasına qədər bütün hallarda Fransanın törətdikləri cinayətlər bu günə qədər öz layiqli cəzasını almayıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışında Fransanın əməllərini qətiyyətlə tənqid etdi: “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”.
Dövlətimizin başçısı həmçinin Avropanın əsas diplomatı sayılan Cozep Borrelin də söylədiyi fikirlərə də münasibət bildirərək ona tutarlı və qətiyyətli cavab verib: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.
İndi qəti şəkildə deyə bilərik ki, bizi istəməyənlərin – Bakıda keçirilən COP29 Konfransını boykota çağıranların arzuları həyata keçmədi. 70 minə yaxın əcnəbinin iştirakı boykotla bağlı çağırışların iflasa uğradığı anlamına gəlir. Bu tədbir beynəlxalq media təsisatları tərəfindən yüksək səviyyədə işıqlandırılır. Konfransda 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib.
Tədbirdə iştirak edən dövlət başçıları öz çıxışlarında bəyan edirlər ki, Azərbaycan konfransa möhtəşəm hazırlaşıb. Bütün müasir avadanlıqlar, səviyyəli pavilyonlar, maddi – texniki baza baxımdan təşkilatçılıq yüksək səviyyədədir. Eyni zamanda, qonaqların qarşılanması, təhlükəsizlik, intizam mükəmməl surətdə təşkil edilib. Görünən odur ki, boykot deyənlər indi yana-yana qalıblar. Onların çəkdikləri zəhmət, xərclədikləri vəsait boşa çıxdı.
“X” platformasındakı saxta sosial media profilləri ilə konfransla bağlı aparılan böhtan kampaniyasının da heç bir nəticəsi olmadı. Bu paylaşımların edilməsində avtomatlaşdırılmış metodlardan istifadə olunması və eyni mərkəzdən idarə edilməsi də artıq məlumdur.
Azərbaycan Prezidenti İlham Əliyevin boykota çağırış edənlərə mesajını bir daha oxucuları nəzərinə çatdırmaq istəyirəm: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
Hər dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşlərdə etdiyi çıxışlarında söylədiyi mesajları eşidəndə hər bir azərbaycanlı qürur hissi keçirir və Azərbaycan vətəndaşı olduğuna görəfəxr edir.
Dövlət başçımızın hər bir addımı, hər bir açıqlaması istiqamət göstəricisidir. Ölkə Prezidentinin bu ilin COP29-da iştirakı və qətiyyətli çıxışlarıı da istisna deyil. Bu, Azərbaycan dövlətinin gücünü, əzəmətini göstərir. Bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. Bizim Zəfərimiz ədalətlidir, safdır. Bu Zəfər heç də asan başa gəlməyib. Bu Zəfər şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin, xalqımızın, Ali Baş Komandanımızın və müzəffər Ordumuzun sayəsində başa gəlib.
Bir sıra beynəlxalq təşkilatların və bəzi ermənipərəst dövlətlərin sərsəm açıqlamaları və Azərbaycana qarşı qərəzli mövqe tutmalarına möhtərəm Prezidentimizin cavabları həmişə sərrast olub və heç vaxt gecikməyib. Hər kəsin cavabı vaxtında, konkret fakt və əməllərlə verilib.
COP29 tədbirini yüksək səviyyədə təşkili və keçirməsi ilə Azərbaycan başda Prezident İlham Əliyev olmaqla bütün dünyaya dərs keçdi, onlara sübut etdi ki, Azərbaycan xalqı mübariz və döyüşkən xalq olduğu qədər həm də qonaqpərvər və tolerant xalqdır.
Azərbaycanın güclü daxili potensialı var. Azərbaycanın siyasəti düzgünlük üzərində qurulub. Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var. Qüvvətli və yenilməz Ordumuz var. Biz ləyaqətli bir ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilirik. Biz heç kimin yedəyində getmirik. Biz heç kimə yalvarmırıq.
Çünki, Azərbaycan adlı məmləkətin işıqlı gələcəyini müəyyən edən, xalqımzı İlhamla irəli aparan Prezidentimiz var!