17 yanvar 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirildi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov 34 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə ətraflı söz açıb. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Dahi şəxsiyyət Heydər Əliyevin o dövrdə bütün siyasi maneələri aşaraq faciənin səhərisi gün Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb. Ulu Öndərin idarəçiliyi dövründə hadisələrə siyasi-hüquqi qiymət verilməsindən, 20 Yanvar şəhidləri ilə bağlı imzalanan fərmanlardan da danışıb. Ümummilli Liderin faciə ilə bağlı fikirlərini xatırladıb, bildirib ki, azadlıq uğrunda canından keçən şəhidlər heç zaman unudulmayacaq, həmişə ehtiramla anılacaq.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimiz Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşərək dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün örnək tarix yazdılar.
Sonra çıxış edən tələbələr34 il öncə baş verən hadisələri Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qürur salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndiriblər.