Kollecdə Anım Günü qeyd edildi.

Kollecdə Anım Günü qeyd edildi.
Astara Pedaqoji Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbir kollecin həyətində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulması ilə başladı.
Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Astara Pedaqoji Kollecinin Həmkarlar Təşkilatının sədri, metodist, Tarix müəllimi Elçin Mahmudov, “Humanitar fənlər” fənn birləşməsinin sədri Ülfət Həşimli və kitabxana müdiri Nigar Əlizadə çıxış edərək şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların qəhrəmanlıq yolunun gənc nəsil üçün örnək olduğundan söz açdılar.
Tədbirdə çıxış edən şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı, kollecin “Maliyyə və kompüter sistemləri” şöbəsinin müdiri Nuranə Fərəcova öz ürək sözlərini bölüşərək şəhidlərin daim ehtiramla yad edilməsinin böyük mənəvi dəyər daşıdığını bildirdi. O, kollecdə şəhidlərin xatirəsinə yaradılmış abidənin xüsusi əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə kollecin direktoru, professor, Şəhid atası Kamran Kazımova minnətdarlığını ifadə etdi.
Tədbirin bədii hissəsində tələbələr Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.
Anım mərasimi iştirakçıların şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram və minnətdarlıq hissləri ilə başa çatdı.