14 iyun 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi. Tədbirdə ilk öncə haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, professor Kamran Kazımov vurğulayıb ki, qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir və edəcək.
Çıxış edənlər- kollecin Tədris hisə müdiri Günel Hacıyeva, Psixologiya müəllimi Elnarə Məhərrəmova qeyd etdilər ki, həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.