10 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə “Tarix yazan şəxsiyyət” adlı tədbir keçrildi. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru, fil.e.d. Kamran Kazımov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin respublikamızda əvəzedilməz fəaliyyətindən bəhs etdi, bu gün də bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Tədbirdə iştirak edən qonaqlar-Əmək müharibəsi ictimai birliyinin Astara rayon təşkilatının sədri, kollecin İctimai şura sədri Rafiq Əliyev, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının təşkilat məsələləri üzrə məsləhətçi Elçin Məmmədəliyev müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs etdilər.
Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən Kollecin direktoru, fil.e.d. Kamran Kazımov və kollecin Maliyyə informasiya şöbə müdiri Nuranə Fərəcova General Həzi Aslanov yubiley medalı ilə təltif olundular.
Sonra tədbir tələbələrin rəngarəng çıxışları ilə davam etdi.
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan ” mövzusunda videoçarx nümayiş olundu.
Sonda tələbələr təşəkkürnamə ilə təltif olundular.