26 sentyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 27 Sentyabr Anım günü münasibətilə Mayor Kamran Fərəcova həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, himn səslənildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru, şəhid atası Kamran Kazımov açaraq qeyd etdi ki, azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.
Təqdimata toplaşanlar -Şəhid mayor Kamran Fərəcovun tələbəlik yoldaşları, iş yoldaşları ehtiyatda olan polkovnik Rəşad Kazımov, polkovnik-leytenant Asif Kərimov, ehtiyatda olan zabit, mayor Cəmaləddin Məmmədov, döyüş yoldaşları Salayev Rauf, Camalov Ağasəlim şəhidlə bağlı xatirələrini bölüşdülər. Astara Rayon İcra Hakimiyyətinin İctimai, siyasi-humanitar şöbə üzrə müavini Firəngiz Sadıxova, sinif yoldaşı Ruslan Əliyev, Şəhidin müəllimi Aybəniz Həsənova, Astara rayon YAP təşkilatının sədri, Şəhid ailələrinin dostu Həbib Cəfərov Mayor Kamran Fərəcovun Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, onun vətən sevgisindən söz açdılar.
Sonra “Roman kimi” filminin nümayişi oldu.
Kollecin Maliyyə-informasiya şöbəsinin müdiri, Şəhidin ömür-gün yoldaşı Nuranə Fərəcova çıxış edərək tədbirdə iştirak edən hər kəsə, şəhidin döyüş yoldaşlarına təşəkkür etdi və nə qədər ağrılı-acılı olsa da Kamranın qürurla anıldığını qeyd etdi.