Tolerantlıq — dini müxtəliflikdə birgəyaşayışın “qızıl orta”sı

23 may 2018-ci il tarixində Astara Pedaqoji Kollecində  kitabxananın oxuzalında Tolerantlıq — dini müxtəliflikdə birgəyaşayışın “qızıl orta”sı adlı dəyirmi masa  kecirilmişdir. Tədbiri giriş sözü ilə Astara Pedaqoji Kollecin direktoru fəlsəfə doktoru fizika-riyaziyyat elmlər namizədi  Ağababa İbrahimov açdı.  O, qeyd etdi ki,tolerantlıq — dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir.

 

Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər.

 

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərin davamçısı olan dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi,

 

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Daha sonra söz  məruzə üçün kollecin dil -ədəbiyyat müəllimi Mirzəyeva Nuranəyə verildi.